Azərbaycan xalçaları indi Pekindədir
Аzərbаycаn dünyаnın ən qədim xаlçаçılıq mərkəzlərindən biri hesab olunur. Tarixən Azərbaycanda toxunan gözoxşayan xalçalarımız şahların, kralların saraylarını, müasir dövrdə isə muzeyləri, sərgi mərkəzlərini, qalereyaları bəzəyir. Azərbaycan xalçalarının milli mədəniyyətimizin şah əsəri olmaqla yanaşı, müasir dövrümüzdə onun həm də iqtisadi dəyəri var. Belə ki, dövlətimizin başçısı Azərbaycan xalçalarının xarici ölkələrdə tanıdılmasına, beynəlxalq xalça bazarına Azərbaycan xalça brendinin çıxarılmasına və mövqelərinin qorunması işinə xüsusi diqqət göstərir. Xalçalarımızın Azərbycan qeyri-neft ixracındakı yeri getdikcə çoxalır.
AZƏRTAC xəbər verir ki, dünyanın ən böyük istehlak bazarlarından olan Çində də Azərbaycan xalçalarının satışına start verilib. Ölkəmizin Çindəki ticarət nümayəndəliyinin Çinin ən iri premium ticarət mərkəzlərindən olan “SKP mall”un rəhbərliyi ilə əldə etdiyi razılıq əsasında Azərbaycan xalçalarının ilk dəfə olaraq Çinə ixracı mümkün olub. Artıq “Azərxalça” ASC-nin istehsal etdiyi xalçalar dünyanın qabaqcıl brendlərinin satıldığı Pekindəki “SKP mall”da satışa çıxarılıb. Yaxın günlərdə Azərbaycan xalçalarının Çinin Sian şəhərindəki “SKP mall”da da satışı mümkün olacaq.
“SKP mall”un nümayəndəsi Ma Lifan AZƏRTAC-a açıqlamasında deyib: “Bizim ticrət mərkəzində dünyanın müxtəlif ölkələrinin ən gözəl və keyfiyyətli məhsulları, o cümlədən məişət əşyaları satılır. Azərbaycanın əl ilə toxunan xalçaları isə tam olaraq bizim iş fəlsəfəmizə uyğun gəlir. Çünki bu xalçalarda qədim mədəniyyət və incəsənətin sintezi var. Satışa çıxardığımız yüksəkkeyfiyyətli xalçalar müştərilərimizin, xüsusən də incəsənət haqqında anlayışı olanların zövqünü oxşayır. Xalçaların üzərindəki müxtəlif növ ornamentler insanların marağına səbəb olur. Məhz elə bu amillərə görə qərara aldıq ki, Azərbaycan xalçalarının idxalını və satışını həyata keçirək.